Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 161 nömrəli qərarı ilə
təsdiq edilmişdir
Fərdi məlumatların mühafizəsinə
dair
TƏLƏBLƏR
1. Ümumi müddəalar
1.1. Fərdi məlumatların
mühafizəsinə dair Tələblər (bundan sonra - Tələblər)
"Fərdi məlumatlar haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 275 nömrəli Fərmanına
əsasən hazırlanmışdır.
1.2. Tələblər fərdi
məlumatların mülkiyyətçisi və ya operatoru tərəfindən
fərdi məlumatların toplanılması, işlənilməsi,
yayılması və verilməsi zamanı həmin fərdi məlumatların
və müvafiq informasiya sistemlərinin mühafizəsi ilə
bağlı yaranan münasibətləri tənzimləyir.
2.
Fərdi məlumatlar işlənilən informasiya sistemləri
qarşısında qoyulan əsas təhlükəsizlik tələbləri
2.1. İnformasiya sistemlərində
fərdi məlumatların işlənilməsi zamanı
aşağıdakı əsas texniki-təşkilati təhlükəsizlik
tələbləri təmin olunmalıdır:
2.1.1. fərdi məlumatların
işlənilməsində avtomatlaşdırılmış
texniki vasitələrin işinin pozulmasına gətirib
çıxaran təsirlərə yol verilməməsi;
2.1.2. fərdi məlumatlara
qanunsuz müdaxilə faktlarının vaxtında aşkar edilməsi;
2.1.3. fərdi məlumatlara
qanunsuz müdaxilənin, surətinin çıxarılmasının və
(və ya) bu məlumatların onlarla işləməyə
icazəsi olmayan şəxslərə ötürülməsinin
qarşısının alınması;
2.1.4. dəyişdirilmiş
və ya məhv edilmiş fərdi məlumatların dərhal
bərpası imkanının olması;
2.1.5. fərdi məlumatların
mühafizə səviyyəsinin daim nəzarətdə
saxlanılması;
2.1.6. fərdi məlumatların
işlənilməsi zamanı onların təhlükəsizliyinə
qarşı yönələn təhdidlərin müəyyən edilməsi
və bunun əsasında ehtimal edilən təhdidlərin
neytrallaşdırılmasını təmin edən fərdi
məlumatların mühafizə sisteminin işlənib
hazırlanması və daim təkmilləşdirilməsi;
2.1.7. fərdi məlumatlar
üzərində aparılan əməliyyatların yalnız fərdi
məlumatların mülkiyyətçisi tərəfindən
yoxlanılmış və təsdiq edilmiş təlimatlar və
proqram təminatı əsasında həyata keçirilməsi (fərdi
məlumatların yazılması, sistemləşdirilməsi,
təzələnməsi, dəyişdirilməsi,
çıxarılması, adsızlaşdırılması,
saxlanılması, ötürülməsi, məhv edilməsi);
2.1.8. fərdi məlumatların
informasiya sistemlərinin mühafizə vasitələrinin və
üsullarının istismar və texniki sənədlərə
uyğunluğu barədə müvafiq sənədin olması;
2.1.9. informasiya mühafizə
vasitələrinin istismar və texniki sənədlərə
uyğun quraşdırılması və istismara verilməsi;
2.1.10. informasiya mühafizə
vasitələrindən istifadə edən şəxslərə
həmin vasitələrlə işləmə
qaydalarının öyrədilməsi və onların bilik və
bacarıqlarının təkmilləşdirilməsinə
dair təlimlərin keçirilməsi;
2.1.11. tətbiq edilən
informasiya mühafizə vasitələrinin, onların istismar və
texniki sənədlərinin, fərdi məlumat
daşıyıcılarının uçotunun aparılması;
2.1.12. informasiya sistemində
fərdi məlumatlarla işləməyə icazə verilən
şəxslərin uçotunun aparılması;
2.1.13. fərdi məlumatların
toplanılması, işlənilməsi və mühafizəsi sahəsində
fəaliyyət göstərən fiziki şəxslərdən fəaliyyət
müddətində və işdən çıxdıqdan sonra həmin
məlumatların yayılmaması barədə yazılı
iltizamın alınması;
2.1.14. informasiya mühafizə
vasitələrinin istifadəsi zamanı istismar və texniki sənədlərdə
nəzərdə tutulan şərtlərə riayət
olunmasına nəzarət edilməsi;
2.1.15. fərdi məlumat
daşıyıcılarının, informasiya mühafizə vasitələrinin
saxlanılması şərtlərinə riayət edilməməsi
nəticəsində fərdi məlumatların
konfidensiallığının pozulmasına və onların
mühafizə səviyyəsinin aşağı salınmasına
səbəb olan faktların araşdırılması və
bu barədə rəy tərtib edilməsi və belə
pozuntuların təhlükəli nəticələrinin aradan
qaldırılması üçün tədbirlərin hazırlanıb həyata
keçirilməsi;
2.1.16. fərdi məlumatların
saxlandığı mərkəzlərin ehtiyat enerji sistemi və
yanğın- mühafizə siqnalizasiya sistemi ilə təchiz
edilməsi;
2.1.17. data mərkəzinin arxiv sisteminin ayrıca binada yerləş-dirilməsi;
2.1.18. informasiya sistemlərində lisenziyalaşdırılmış proqram təminatlarından istifadə edilməsi;
2.1.19. fərdi məlumat istifadəçilərinin səlahiyyət bölgüsünün aparılması, həmin səlahiyyətlərin avadanlıq və proqram təminatı səviyyəsində autentifikasiya edilməsi;
2.1.20. informasiya sistemindən fərdi məlumatları əldə etmək üçün müraciət edən istifadəçilərin öz mühafizə serverləri vasitəsilə müraciət etməsi;
2.1.21. informasiyanın ötürülməsi üçün istifadə olunan şifrləmə sisteminin açarının uzunluğunun 256 bit-dən az olmaması;
2.1.22. fərdi məlumatların mühafizə sisteminin təsvir edilməsi;
2.1.23. fərdi məlumatların informasiya sistemlərinin layihə sənədlərinin dövlət ekspertizasından keçirilməsi.
3. Fərdi məlumatların mühafizəsi sahəsində nəzarət
Bu Tələblərin icrasına nəzarət edən orqanlar ildə azı bir dəfə fərdi məlumatların informasiya sistemlərində mühafizənin düzgün qaydada təşkil olunmasının monitorinqini aparırlar.
4. Yekun müddəalar
4.1. Bu Tələblər qüvvəyə mindikdən sonra, "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsinə qədər mövcud olan fərdi məlumatların mülkiyyətçiləri və ya səlahiyyətli operatorları fərdi məlumatların mühafizəsini ən geci 6 ay müddətində bu Tələblərə uyğun təşkil etməlidirlər.
4.2. Fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsi sahəsində fəaliyyət göstərən fiziki şəxslər məlumatların yayılmamasına və qorunmasına görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.